İncəsənət
bəşəri sərvətdir
Milli İncəsənət
Muzeyinin yeni keçid korpusunda Azərbaycan və dünya sənətkarlarının
əsərləri nümayiş olunur
İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Azərbaycan Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun açılışında iştirak ediblər.
Azərbaycanda muzey işi qədim dövrlərdən başlayaraq özünəməxsus inkişaf yolu keçib. Ölkəmizdə yaradılan ilk muzeylərdən biri olan Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtın mərkəzində XIX əsrin sonlarında inşa edilən ikimərtəbəli binada yerləşir. Burada ölkəmizin incəsənətinə aid əsərlərdən ibarət ekspozisiya və muzey fondları, eləcə də Qərbi Avropanın, Rusiyanın rəssam, heykəltəraş və digər incəsənət nümayəndələrinin əsərlərindən ibarət kolleksiyalar daim zənginləşir. Muzeydə elmi tədqiqat və elmi bərpa işləri aparılır, kamera musiqisi konsertləri, yubiley mərasimləri təşkil olunur.
Azərbaycanda muzey işinin yaxşılaşdırılması xüsusi diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli sərəncamı milli mədəni sərvətlərimizin qorunması, muzey fondlarında mühafizə olunan qiymətli eksponatlar və sənət yadigarlarının gələcək nəsillərə çatdırılması işində mühüm keyfiyyət dəyişikliyinə təkan verib. Ölkəmizdə muzey şəbəkəsinin inkişafı və muzey işinin hərtərəfli yaxşılaşdırılmasına Heydər Əliyev Fondu da əvəzsiz töhfələr bəxş edir.
Azərbaycan Milli İncəsənət Muzeyinin yeni inşa olunan keçid korpusu bu sahəyə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının növbəti əyani təzahürüdür.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlətimizin başçısına muzeyin yeni korpusu barədə ətraflı məlumat verib. Qeyd olunub ki, yeni korpus Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə orijinal layihə əsasında inşa olunub. Əsaslı vəsait qoyuluşu hesabına tikinti işləri 2009-cu ildə başlanıb. İnşaat zamanı milli memarlıq ənənələri ilə müasir üslubun bir-birini üzvi şəkildə tamamlamasına xüsusi diqqət yetirilib. Birinci mərtəbədəki fotostenddə tikintinin gedişi və inşaat işlərindən sonrakı vəziyyəti əks etdirən fotolar yerləşdirilib.
Azərbaycan Milli İncəsənət Muzeyinin
yeni korpusunun mükəmməl
layihə əsasında inşa
olunması ölkəmizdə həyata keçirilən yenidənqurma
işlərinin geniş miqyasını və
keyfiyyətini göstərir. Burada milli memarlıq elementləri ilə
yanaşı, beynəlxalq təcrübədən də geniş istifadə olunub.
İşıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir. Foyedə nümayiş
etdirilən qədim Şamaxının Xınıslı
yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar zamanı
tapılmış, eramızın I-III əsrlərinə aid insan fiqurları Azərbaycanda
heykəltəraşlığın çox
qədim tarixə malik olduğunu
sübut edir. Laçın rayonunda tapılan at formalı məzar daşı isə eramızın XVI əsrinə
aiddir. Buradakı artköşk də
muzeyə gələnlərin
böyük marağına
səbəb olacaq.
Satış üçün nəzərdə tutulan, bir neçə dildə yazılmış
müxtəlif mövzuları
əhatə edən suvenir kitablar da maraq doğurur.
Yeni korpusun metal fondunda qiymətli metallardan hazırlanmış müxtəlif
incəsənət nümunələri
saxlanılır. Rəngkarlıq
bölməsində Azərbaycan,
Qərbi Avropa, Rusiya və Şərq rəssamlarının
müxtəlif dövrlərə
aid 3000-dən çox nəfis
sənət incisi mühafizə olunur. Qrafika fondunda sayı 6000-ə çatan yüksək sənət nümunələri
də Azərbaycan, Qərbi Avropa və Rusiya rəssamlarına məxsusdur.
Bu fondlarda Finlandiya
istehsalı olan ən müasir avadanlıq quraşdırılıb.
Yeni korpusun ikinci
mərtəbəsində heykəltəraşlar
Ömər Eldarov, Kamal Ələkbərov və Cəlal Qaryağdının bir sıra maraqlı əsərləri nümayiş
etdirilir. Sərgi salonundakı
eksponatlar da yüksək peşəkarlıq
nümunələridir. Tanınmış heykəltəraşlar
Fuad Əbdürrəhmanov,
Mirəli Mirqasımov,
Ömər Eldarov, Cəlal Qaryağdı,
Tokay Məmmədov və
Sobsay Pinxosun portret və digər janrlarda əsərləri tamaşaçıda
dərin təəssürat
yaradır. Korpusun tavanı təkrarsız
görkəmi ilə diqqəti cəlb edir. Yeni korpusda təbii
işıqlandırma sistemi
yaradılıb. 70-80 nəfərlik akt salonunda da istənilən
tədbirin keçirilməsi
üçün hərtərəfli
şərait var. Burada
ən müasir proyeksiya avadanlığı
quraşdırılıb.
Dövlət başçısı və xanımına muzeyin ekspozisiyasının
müxtəlif bölmələrində
yerləşən eksponatlar
barədə məlumat
verilib. Muzeydə dünya bədii
irsində görkəmli
yerlərdən birini tutan Azərbaycan incəsənəti zəngin
kolleksiya ilə təmsil olunur. Qobustanın qayaüstü rəsmləri,
Mingəçevirin zoomorf
qabları, milli miniatür rəssamlıq
əsərləri, çeşidli,
bənzərsiz xalçalar,
keramika və bədii metal nümunələri
Azərbaycan incəsənətinin
qədimliyinin və misilsiz bədii dəyərinin əyani sübutudur. Buradakı daş
kitabələrin hər
biri qədim tariximizin öyrənilməsi
baxımından tutarlı
mənbədir.
Muzeydəki orta əsrlərə
aid dekorativ incəsənət
nümunələri böyük
maraq doğurur. Vaxtilə Bakı, Gəncə, Şamaxı,
Şəki tacirlərinin
Avropa bazarlarına çıxardıqları xalça
dəstləri geniş
şöhrət qazanmışdı.
Ənənəvi olaraq Azərbaycanda
xovlu və xovsuz xalçalar - kilim, palaz, vərni,
zili, sumax və sair toxunub.
Muzeydə bədii tikmələr, ağac üzərində oymalar, zərgərlik nümunələri,
misgərlərin döymə,
həndəsi və nəbati naxışlarla bəzədikləri metal məmulatları
və digər çoxsaylı dekorativ-tətbiqi
sənət nümunələri
nümayiş etdirilir.
Ölkəmizin müxtəlif regionlarına
aid geyimlər, o cümlədən
Azərbaycan döyüşçülərinin
geyim dəstləri böyük maraq doğurur. Burada təsviri sənət
nümunələri də
geniş yer alıb.
Muzeydə ulu öndər
Heydər Əliyevin
90 illik yubileyi münasibətilə sərgi
təşkil olunub.
Ümummilli liderin 1998-ci ildə
yaradılan əzəmətli
portreti xüsusilə
diqqət çəkir.
Dahi rəhbərin Azərbaycanın
mədəniyyətinə, incəsənətinə diqqət
və qayğısını
əks etdirən eksponatlar da böyük maraq doğurur.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Səttar Bəhlulzadə,
Tağı Tağıyev,
Nadir Əbdürrəhmanov, Xalidə Səfərova,
Baba Əliyev, Toğrul
Nərimanbəyov, Oqtay
Sadıqzadə, Tahir Salahov və digər görkəmli rəssamların kətan üzərində yağlı
boya ilə çəkdikləri rəsm
əsərlərinə baxıblar.
Bu il Azərbaycan Milli İncəsənət
Muzeyinin Niyazi, 9
ünvanında yerləşən digər korpusunda
əsaslı yenidənqurma, təmir və bərpa işlərinə
başlanacaq. Yeni korpusla tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib və muzeyin kollektivinə
uğurlar arzulayıb.
Mədəniyyət.- 2013.- 12 iyun.-
S. 8.